Həmin məlumatlara görə, bir cins polo atının qiyməti həmin ölkədə on minlərlə dollardır. Yəni bir atın qiymət təqribən 70-80 min, bəzən isə hətta 90-100 min dollar arasında dəyişir.
Argentina polo atları dünyada bu idman növü ilə məşğul olmaq üçün ən məşhur at cinsi hesab edilir. İngiltərədə də polo atları yetişdirilir, lakin onlar Argentina atlarına çata bilməz. Argentinada polo oyunu üçün “poni” cinsindən olan atlardan xüsusi “polo-poni” cinsi yetişdirilir. Bu atların maksimal uzunluğu 158 sm-dir. Poni atlarının uzun boynu və qısa bədəni olmalıdır, onların sinə və ayaq əzələləri yaxşı inkişaf edir. Polo-poni atları cəld olur, oyun meydançasında digər atlardan qorxmur və polo topunun arxasınca cəld manevrlər edir, bir növ oyunun tempini tutur.
Polo oyunu Argentinada futboldan sonra ən çox yayılmış idman növüdür. Orada hətta məhəllələrin də ayrıca polo komandaları var, lakin belə komandalar özləri üçün ucuz atlar alırlar, onların biri 3 min dollardan 15 min dollara qədər dəyişir. Beynəlxalq miqyaslı yarışlar üçün isə xüsusi cins atlar lazımdır və onların qiyməti Argentinada on minlərlə dollardır.
Artıq xəbər verildiyi kimi, Azərbaycanın Atçılıq Federasiyası bu ilin sentyabrında Bakıda Polo üzrə Dünya Kuboku turniri keçirməyə hazırlaşır. Bu yarışda Argentina və digər ölkələrin komandaları ilə yanaşı Azərbaycan komandası da iştirak etməlidir. Atçılıq Federasiyası komandanı formalaşdırmaq üçün Argentinadan atlar alıb və onları Bakıya daşımaqla məşğuldur. 25 atın 15-i Azərbaycanın “Silkway” hava yolları şirkətinə məxsus yük təyyarəsi ilə Argentinadan Bakıya gətirilərkən Almaniyanın Frankfurt aeroportunda yolüstü eniş etmişdi. Belə məlum olur ki, polo-poni atlarına dair xüsusi təlimatlar var və onların uzun müddət havada qalmasına icazə verilmir. Ona görə də atlara bir gün istirahət vermək uçün təyyarə Frankfurt hava limanına enib, lakin bu eniş aeroportun logistika xidməti üçün problem yaradıb. Nəticədə atları hava limanından əvvəlcə zooparka, daha sonra digər aeroportdakı xüsusi heyvan saxlama yerinə daşıyıblar. İyulun 8-də gecə atlar yenidən Frankfurt aeroportuna qaytarılıb və oradan Bakıya yola salınıb. Virtualaz.org dəqiqləşdirib ki, atlar hazırda Binə qəsəbəsində, Atçılıq Federasiyasının bazasında saxlanılır. Atların qalan 10-u isə Argentinadan yaxın günlərdə gətirilməlidir.
Bəs atları uzaq Argentinadan Bakıya daşımaq üçün nə qədər xərc lazım gələ bilərdi? AZAL-dakı mənbənin bildirdiyinə görə, bu cür uzaq məsafəli çarter reysinin sifarişi azı 150 min dollara başa gəlir. Lakin daşınan yükün spesifikliyi nəzərə alınarsa, xərclər bir az da artacaq. Belə ki, təlimata görə, atları yolüstü bir gün xüsusi şəraitdə saxlayıb onların istirahətini təmin etmək lazımdır. Bu isə əlavə xərcdir. Atları təyyarədən düşürüb xüsusi nəqliyyat vasitəsilə daşımaq üçün əlavə bir neçə min dollarlardan keçmək lazım gəlir. Təyyarənin bir gün dayanacaqda qalması və reysin vaxtının uzanması da əlavə xərcdir. Bu baxımdan general Quliyevin başçılıq etdiyi federasiyanın Argentinadan xüsusi cins polo atları alıb Bakıya gətirməsinin xərcləri təqribən 3 milyon dollara yaxın məbləğdə qiymətləndirilir. Bəlkə də bir neçə yüz min az və ya çox...
































































































